AccessBank AYİB-in Ticarətin Maliyyələşdirilməsi Proqramına qoşulub
1 oktyabr 2024
Müqavilə, beynəlxalq ticarət iştirakçılarına əlavə maliyyə resurslarına çıxış imkanı yaradan vacib tərəfdaşlığı əks etdirir. Proqram çərçivəsində sahibkarlar zəmanət və maliyyə dəstəyi alaraq, riskləri azaltmaq, ticarət əməliyyatlarını asanlaşdırmaq, fəaliyyətlərini daha səmərəli idarə etmək və qlobal bazarlara çıxış imkanlarından yararlanma imkanı əldə edəcəklər.
AccessBank-ın İdarə Heyətinin sədri Davit Tsiklauri qeyd edib ki: "Biz AccessBank-ın AYİB ilə saziş imzalaması və Ticarətin Maliyyələşdirilməsi Proqramına qoşulması ilə fəxr edirik. Bu mühüm Proqram müştərilərimizə daha rəqabətədavamlı və innovativ maliyyə həlləri təqdim eməklə, Azərbaycanda idxal-ixrac fəaliyyətini dəstəkləyəcək və ölkənin ümumi iqtisadi inkişafına töhfə verəcək".
Ticarətin Maliyyələşdirilməsi Proqramı çərçivəsində imzalanan saziş, AccessBank-ın geniş spektrli maliyyə xidmətləri göstərmək qabiliyyətini gücləndirəcək. Bundan əlavə, yerli şirkətlərə beynəlxalq ticarətdə daha səmərəli iştirak üçün zəruri vasitələr təqdim etməklə yanaşı, riskləri azaldacaq, iqtisadi inkişafı stimullaşdacaq.
1999-cu ildə yaradılan Ticarətin Maliyyələşdirilməsi Proqramı AYİB ölkələrində xarici və daxili ticarətin inkişafına xidmət edir. Proqram çərçivəsində AYİB beynəlxalq banklara seçilmiş banklara və faktorinq şirkətlərinə yerli ixracatçılar, idxalçılar və distribyutorlara qısamüddətli kreditlər təqdim etmək üçün zəmanət verir.
AccessBank Azərbaycanda KOB-lar üzrə ixtisaslaşan və 2002-ci ildən sərfəli maliyyə xidmətləri təklif edən kommersiya bankıdır. Bank yerli biznesin inkişafını dəstəkləyərək, əlçatan və sərfəli xidmətlər təklif edir və ölkə iqtisadiyyatının güclənməsində mühüm rol oynayır.
AYİB Azərbaycanın ən böyük institusional investoru olaraq, ölkədə 190 layihəyə 3,7 milyard avrodan çox sərmayə yatırıb. Bankın əsas missiyası ölkənin iqtisadi diversifikasiyasını və davamlı inkişafını dəstəkləməkdir.