AccessBank-ın “Bizdən Biznesə” startap müsabiqəsinin qalibləri elan olundu

27 dekabr 2024
Azərbaycanda biznesə daim innovativ və əlçatan maliyyə həlləri təqdim edən AccessBank-ın  Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) dəstəyi ilə həyata keçirdiyi “Bizdən Biznesə” startap müsabiqəsinin qalibləri elan olundu.

24 oktyabr tarixində elan olunan müsabiqəyə 1 ay ərzində 500-dən artıq müraciət daxil olundu. Münsiflər heyəti tərəfindən daxil olunan layihələr arasında müəyyən olunan  innovasiya və kreativlik, davamlılıq və gəlirlilik meyarlarına cavab verən 20 layihə seçildi. İkinci mərhələdə isə 7 layihə seçilərək finala keçid aldı.

Münsiflər heyətinin qərarına görə, I yerin sahibi “Climasel” soyutma panelləri istehsalı layihəsinin müəllifi Xəyalə Miriyeva, II yerin sahibi kənd təsərrüfatı və qida tullantılarının bioloji emaldan keçirərək alternativ heyvan mənşəli protein və yağ əlavələrinin istehsalı layihəsinin müəllifi Rafiq Mirzəyev və sonuncu III yerin sahibi isə arı mumlu örtüklərin istehsalı layihəsinin müəllifi Fidan Əlisoy elan olundu.

“Bizdən Biznesə” müsabiqəsinin uğurla başa çatması bizim üçün əhəmiyyətli hadisədir. Biz ölkə iqtisadiyyatının inkişafına töhfə verməkdən və sahibkarların biznes ideyalarını reallaşdırmalarına dəstək verməkdən qürur duyuruq. AccessBank hər zaman bizneslərin inkişafına aktiv dəstək verir. Əminik ki, bu cür təşəbbüslər bizneslər üçün yeni imkanlar açır və bunu nəzərə alaraq, startap müsabiqəsini ənənəyə çevirərək hər il keçirməyi düşünürük”, - bunu AccessBank-ın İdarə Heyətinin sədri Davit Tsiklauri deyib.

“Bizdən Biznesə” layihəsinin şərtlərinə görə I yerin sahibinə biznes planın həyata keçirilməsi üçün AccessBank tərəfindən 25 000 AZN, II yerin sahibinə 20 000 AZN, III yerin sahibinə isə 15 000 AZN dəyərində mükafat təqdim edildi.  Qaliblər mükafatı yalnız nağdsız hesablaşma formasında istifadə edə bilərlər və bir il ərazidə AccessBank vasitəsilə ölkə daxili aparılan bütün bank əməliyyatları komissiya ödənişlərindən azad edilir.
Paylaşmaq