AccessBank Masallıda filialının açılması ilə regional şəbəkəsini genişləndirir
19 Aprel 2024
Masallıda yeni açılmış filial müştərilərə geniş çeşiddə maliyyə həlləri təklif edir. Bu xidmətlərə kreditlərin verilməsi, əmanətlərin yerləşdirilməsi, plastik kartların verilməsi, pul köçürmələri, valyuta mübadiləsi və s. daxildir.
Bu strateji genişlənmə AccessBank-ın regionlarda fəaliyyətinin genişləndirilməsinin və keyfiyyətli bank xidmətlərinin göstərilməsinin vacibliyini vurğulayan ümumi İnkişaf Strategiyasına uyğundur.
“Regional şəbəkənin genişləndirilməsi və yüksək keyfiyyətli bank xidmətlərinin göstərilməsi Bankımızın İnkişaf Strategiyasının prioritet istiqamətlərindən biridir. Artıq Masallı sakinləri peşəkar komandamızın xidmətindən yararlana bilər. AccessBank 2024-cü il üçün nəzərdə tutulan regional filiallardan birincisini açır. Bununla da regionlarda filiallarımızın sayı 33-ə çatdırıldı. Biz il ərzində müxtəlif regionlarda filiallar açmağı planlaşdırırıq”, - deyə AccessBank-ın İdarə Heyətinin sədri Davit Tsiklauri bildirib.
Masallı filialının açılması AccessBank-ın yerli əhaliyə keyfiyyətli xidmət göstərmək öhdəliyini vurğulamaqla yanaşı, həm də ölkənin sahibkarlıq mənzərəsini gücləndirmək, kiçik və orta sahibkarlara dəstək olmaq sahəsində mühüm addımdır. Strateji regional genişlənmə təşəbbüsləri və müştəriyönümlü yanaşma vasitəsilə AccessBank, Azərbaycanda maliyyə inklüzivliyinin və davamlı inkişafın təşviqi istiqamətində mühüm rol oynayır.